İnsan alveri mütəşəkkil cinayətkarların narkotik və silah qaçaqmalçılığından sonra ən çox gəlir əldə etdiyi cinayətdir. 2017-ci ilə aid Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə dünyada 40,3 milyon insan alveri qurbanı var. İnsan alverinə qarşı mübarizə və cinayətkarların cəzalandırılmasını BMT-ə üzv olan əksər dövlətlər öhdəlik kimi götürmüşdür. İnsan alverinə qarşı mübarizə biznes qurumlarının korporativ sosial məsuliyyət proqramlarına da daxil edilir. Xüsusilə də insan alveri qurbanlarının üstünlük təşkil etdiyi sektorlarda fəaliyyət göstərən biznes qurumları öz reputasiyalarını qorumaq üçün bu sahədə müxtəlif addımlar atırlar.
Biznes qurumları insan alverinə qarşı mübarizədə aktiv iştirak etməklə yanaşı, bu cinayətin subyekti kimi də çıxış edə bilir. Biznes qurumlarının məcburi əmək, fahişəliyə cəlbetmə və qulluqçuluq kimi insan alveri cinayətlərində subyekt və ya faydalanan şəxs kimi iştirakı mümkündür.
Hüquqi şəxslərin cinayət məsuliyyəti XX əsrin sonlarından etibarən cinayət hüququnda birmənalı olaraq qəbul edilmişdir. Azərbaycan Respublikasında bununla bağlı tənzimetmə 2012-ci ildən Cinayət Məcəlləsinə əlavə edilmişdir.
Son dövrlərdə hüquqi şəxslərin fərdi cinayət məsuliyyəti ilə yanaşı, onların insan hüquqları pozuntusuna görə də məsuliyyət daşıyıb-daşımaması məsələsi gündəmə gəlir. Ənənəvi beynəlxalq insan hüquqları hüququna əsasən insan hüquqları pozuntusuna görə dövlətlər məsuliyyət daşıyır. Lakin biznes qurumlarının getdikcə inkişaf etməsi və fəaliyyətlərinin çox saylı ölkələri əhatə etməsi onların insan hüquqlarının pozuntusu hallarında birbaşa və ya dolayı yolla iştirakına gətirib çıxarmışdır. Bu isə öz növbəsində biznes qurumlarının insan hüquqlarına görə öhdəlik daşıyıb-daşımaması məsələsini ortaya çıxarmışdır. Bu məsələyə dair BMT çərçivəsində bir sıra sənədlər hazırlanmış və işçi qrupları fəaliyyətə başlamışdır. Bu sahədə hazırlanan sənədlər arasında ən uğurlusu BMT-nin Biznes və İnsan Haqları üzrə Rəhbər Prinsipləri hesab olunur.
Bu yazının məqsədi biznes qurumlarının insan alveri cinayətində necə iştirak etdiyini və bu iştiraka görə hansı məsuliyyət daşıyacağını araşdırmaqdır. İstər insan alveri cinayəti, istərsə də biznes qurumlarının konkret cinayətdə iştirakının yerli ədəbiyyatda araşdırılmaması yazını aktual və önəmli etməkdədir.
Yazı ilə ətraflı tanış olmaq üçün aşağıdan yükləyə bilərsiniz.

